Qədim və rəngarəng
Gürcüstan, İran, Ermənistan, Rusiya və Türkiyə ilə həmsərhəd olan Azərbaycan bir-birindən uzaqda yerləşən Şərq ilə Avropa arasında qədim və fərqli yol kəsişməsidir. Onun mədəniyyəti İran və Çin (Şərq), Orta Şərq və Afrika (Cənub), Rusiya (Şimal) və Avropa (Qərb) ilə qaynayıb-qarışmışdır.
Valehedici landşaft
Azərbaycan ucsuz-bucaqsız təbii gözəlliklər diyarıdır. Azərbaycanın valehedici landşaftında üç təbii amil üstünlük təşkil edir: Xəzər dənizi, Qafqaz dağları və geniş düzənliklər. Azərbaycanın coğrafiyası da xalqı qədər bənzərsizdir: dağlarından tutmuş tünd yaşıl vadilərə, ucu-bucağı görünməyən yarımsəhraya qədər dünyanın 11 iqlim qurşağından doqquzu bu ölkədədir. Bu ölkənin məşhur təbii möcüzələrinə əbədi alovlar (atəşgahlar) və yer üzündəki bütün palçıq vulkanlarının təxminən yarısı daxildir.
Qədim mədəniyyət
Azərbaycanda insan Daş dövründən məskunlaşmışdır və burada bizim günlərimizə qədər qorunub saxlanmış qayaüstü rəsmlər, tanrıların heykəlləri və qədim sərdabələr aşkar edilmişdir. Bu ölkə bir zamanlar Böyük İpək Yolunun üstündə mühüm dayanacaq nöqtəsi olmuşdur, tacirlər buradakı canlı və rəngarəng bazarlarda bir araya gəlirdilər. Bu ikitərəfli proses həm Azərbaycan, həm də dünya mədəniyyətini zənginləşdirmişdir. Azərbaycanın zəngin mədəni irsi hər il Novruz bayramında (ölkənin ənənəvi Yeni ilində) ekzotik yeməklər, rəqslər və idman yarışları ilə nümayiş etdirilir.
Bu gün Azərbaycan icmanın hələ mövcud olduğu, ailənin cəmiyyətin önündə durduğu və irqindən, mədəniyyətindən və ya inanclarından asılı olmayaraq səyyahları və qonaqları azərbaycanlıların səmimi və səxavətlə qarşılamaq kimi öz qədim ənənəsini qoruyub saxladığı bir diyardır.
Müasir dünyagörüşü
Azərbaycan, həm də çox müasir bir ölkədir. 1918-ci ildə bu ölkə müstəqil Azərbaycan Demokratik Respublikası kimi müsəlman aləmində ilk müasir parlament respublikası və qadınlara kişilərlə bərabər siyasi hüquqlar verən ilk müsəlman dövləti olmuşdur. Bu, hətta Böyük Britaniyadan və Birləşmiş Ştatlardan qabaq baş vermişdir!Azərbaycan, kinematoqrafiya sənətində də ilk yol açan ölkələrdən olmuşdur (1898-ci ildən). Bu gün, bu müasir dünyagörüşü əsas diqqəti təhsilə, idmana, elmə və texnologiyaya yönəltməklə “biliklərə əsaslanan iqtisadiyyatın” inkişafı ilə davam etməkdədir.
Bakının 2020 Olimpiya və Paralimpiya Oyunlarına ev sahibliyi etməyə namizədlini irəli sürməsi ölkə və onun paytaxtı üçün daha geniş inkişaf prosesinin bir hissəsidir. Olimpiya Hərəkatı ilə birlikdə biz müstəqillik əldə etdikdən bəri son iyirmi il ərzində artıq baş vermiş dəyişiklikləri gücləndirə və davam etdirə bilərik. Olimpizmin gücü ilə biz birlikdə Azərbaycana müsbət sosial və iqtisadi dəyişikliklər gətirməyi davam etdirə bilərik.
İnkişaf edən iqtisadiyyat
Neft sənayesinin vətəni kimi Azərbaycanın təbii sərvətlərlə zənginliyi dünyanın əksər yerlərində enerji təhlükəsizliyinin təmin olunmasına yardım edir – və bu, yalnız Azərbaycanda deyil, onun hüdudlarından kənarda da inkişafa imkan yaradır. Təbii ehtiyatlarının zənginliyi ilə Azərbaycan bu gün dünyada iqtisadiyyatı ən sürətlə inkişaf etməkdə olan ölkələrdəndir.
Olimpiya idealları
Azərbaycanın əhalisi çox gəncdir. Əhalinin 50 %-dən artıq hissəsini 30 yaşdan aşağı gənclər təşkil edir.
Bakının 2020 Olimpiya və Paralimpiya Oyunlarına ev sahibliyi etmək iddiası Olimpiya ideallarını milyonlarla yeni-yeni gənc ürəklərə və yaddaşlara həkk etmək imkanı yaradır.
2020-ci ildə Bakının Oyunlara ev sahibliyi etməsi Azərbaycanın gənc oğlan və qızlarını onları əhatə edən dünyanı daha yaxşı dərk etməyə cəlb etmək və ruhlandırmaq üçün bir fürsət olacaq, dünya gənclərinə Azərbaycan mədəniyyəti və qonaqpərvərliyi barədə düzgün təsəvvür əldə etmək imkanı yaradacaq.





